18.01.2018-ci il tarixdə Xocalı rayon İHB-nın Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 2017-ci ildə görülən işlərə və qarşıda duran vəzifələrə həsr edilən illik hesabat iclası keçirildi.
Hesabat iclasında Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, rayonun müəssisə, idarə rəhbərləri və Kərkicahan qəsəbə sakinləri iştirak etdilər.
Xocalı rayon İHB-nın Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəsi Dərgah Haqverdiyev hesabat məruzəsi ilə çıxışında 2017-ci ildən görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi. Dərgah Haqverdiyev Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə görülən işlərin “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”nin 5-ci bəndi əsasında inzibati ərazi dairəsi üzrə yerli icra hakimiyyəti başçısı nümayəndəsinin vəzifə və səlahiyyətləri çərçivəsində yerinə yetirildiyini vurğuladı.
Kərkicahan qəsəbə sakinlərinin və Xankəndi şəhərinin demoqrafiq vəziyyəti ilə bağlı məlumatında qeyd etdi ki, 01 yanvar 2018-ci il tarixə Kərkicahan qəsəbə əhalisi 638 təsərrüfatdan və 2320 nəfərdən, Xankəndi şəhər əhalisi isə 512 təsərrüfatdan 1904 nəfərdən ibarətdir. Qəsəbə üzrə şəhid ailələrinin sayı 31 ailə, şəhid olanlar 34 nəfər, Xankəndi şəhəri üzrə isə şəhid ailələrinin sayı 23 ailə, şəhid olanlar 29 nəfərdir. Kərkicahan qəsəbə əhalisinin 1132 nəfəri (48,8 %) kişilər, 1188 nəfəri (51,2 %) isə qadınlardır.
İcra nümyanəndəsi kənd təsərrüfatı sahəsində görülən işlərin statistikasını nəzərə çatdırdı. Bildirdi ki, 01 yanvar 2018 – ci il tarixə Kərkicahan qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən 389 baş iribuynuzlu heyvan, 993 baş xırdabuynuzlu heyvan, 1350 ədəd ev quşu, 278 arı ailəsi və 13 baş at qeydiyyata alınmışdır. İl ərzində 460 sentner ət, 8300 litr süd istehsal olunmuşdur. 6 hektar sahədə əkin aparılmışdır. 4 hektar sahədən 340 sentner kartof, 2 hektar sahədən isə 122 sentner tərəvəz yığılmışdır.
"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramları” və əlavələr əsasında 2003-cü ildən başlayaraq Kərkicahan qəsəbəsindən 162 ailə 615 nəfər (28%), Xankəndi şəhərindən isə, 167 ailə 614 nəfər (32,6 %) evlə təmin olunmuşlar.Yaxın vaxtda Kərkicahan qəsəbəsindən 3 ailə 13 nəfər, Xankəndi şəhərindən 6 ailə 26 nəfər Tərtər rayonu ərazisində tikilmiş məcburi köçkün şəhərciyində evlə təmin olunacaqlar. Hələ də Kərkicahan qəsəbəsindən 476 ailə 1705 nəfər, Xankəndi şəhərindən isə, 345 ailə 1290 nəfər əsasən yataqxanalarda, sanatoriyalarda, ictimai binalarda və s. çətin vəziyyətdə yaşayırlar. Yəqin ki, yaxın zamanlarda mərhələli şəkildə digər məcburi köçkün ailələri də evlərlə təmin olunacaqlar.
Kərkicahan məktəbinin təhsilində də irəliləyişlər olmuşdur. Xankəndi şəhər Natiq Şahmuradov adına 6 №-li Kərkicahan qəsəbə tam orta məktəbinin işinə nəzarət və köməklik göstərmək daim diqqət mərkəzində saxlanılmışdır. Məktəbimizdə 115 nəfər şagird təhsil alır. 2016-2017-ci tədris ilində məktəbin XI sinfini bitirən 11 nəfər tam orta təhsil haqqında attestat, IX sinfini bitirən 10 nəfər isə orta təhsil haqqında şəhadətnamə almışlar. Məzunlar arasında mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış test imtahanlarında qeyri – müvəffəq qiymət alanlar da olmuşdur. XI sinfi bitirənlərdən 5 nəfəri ali məktəbə daxil olmuşdur.
Yataqxanaların, ictimai binaların, sanatoriyaların və s. yaşayış üçün təhlükəli vəziyyətdə olduğunu məskunlaşan ailələrin sıxlığını nəzərə alaraq mərhələli şəkildə köçürülmələri üçün yeni fərdi yaşayış evlərinin və ya binaların tikilməsindən ötəri Dövlətqaçqınkomun rəhbərliyi qarşısında məsələ qaldırılmasına köməklik göstərilməsi, Xankəndi şəhəri Natiq Şahmuradov adına 6 №-li Kərkicahan qəsəbə tam orta məktəbinin normal fəaliyyət göstərməsi üçün əsaslı şəkildə təmir olunmasına köməklik göstərilməsi Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi qarşısında vətəndaşlar tərəfindən qaldırılan məsələlər və verilən təkliflər arasında ən vaciblərindəndir.
Sonra məruzə ətrafında çıxışlar oldu. Nümayəndəliyin gördüyü işlər qənaətbəxş sayıldı.
Sonda Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov görülən işlərə münasibət bildirərək irad və tapşırıqlarını verdi. Qaldırılan məsələlərin həlli üçün lazımi tədbirlərin görüləcəyini bildirdi.